Müqəddəs Qurani-Kərim və Dünyəvi Qanunlar Müstəvisində İnsan Hüquqları
 

Müqəddəs Qurani-Kərim və Dünyəvi Qanunlar Müstəvisində İnsan Hüquqları

Yunis Fərman oğlu Xəlilov

De ki: «Ey insanlar, sizə Rəbbiniz tərəfindən doğru (söz, haqq) gəlmişdir. Kim doğru yola hidayət olursa, onun mənfəətinədir. Və kim sapqınlığa düşərsə, öz zərərinə sapmışdır. Mən sizin vəkiliniz deyiləm.»

Qurani-Kərim, Yunis surəsi, 108-ci ayə

Bəşəriyyətin özü kimi qədim olan insan hüquqları ideyası tarix boyu hər zaman ictimai inkişaf prosesinə təkan verən ciddi məsələlərdən biri olmuşdur. Təsadüfi deyil ki, insan hüquqları məsələsi mühüm elmi tədqiqatların obyekti, daxili və xarici siyasətlə bağlı yaranan aktual mübahisələrin predmeti, demək olar ki, bütün demokratik ölkələrin konstitusiyasının ana prinsipi (Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində mütərəqqi bir müddəa təsbit edilərək insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğu göstərilmişdir), sülh və təhlükəsizlik haqqında olan beynəlxalq sənədlərin əsas məğzi kimi bu gün də xüsusi diqqət mərkəzindədir. Təəssüf hissi ilə də olsa qeyd etməliyik ki, insan hüquqları ilə bağlı bir sıra anlaşılmaz situasiyalar, mürəkkəb və ziddiyyətli məqamlar, bəzi ölkələrin daxilində müxtəlif xarakterli narazılıqlar və beynəlxalq xarakterli gərginliklər müasir dövrümüzdə hələ də qalmaqdadır.

Cəmiyyətdə baş verən mühüm ictimai-siyasi və hüquqi prosesləri təhlil etdikdə, belə qənaətə gələ bilərik ki, bəşər övladı ilə bəlkə də eyni «yaşda» olan insan hüquqları ideyasının fəlsəfi əsaslarının sistemli şəkildə işlənib hazırlanması və bu ideyanın gerçəkləşməsi uğrunda effektli mübarizə aparılması son üç əsrin məhsuludur. Belə ki, hələ 18-ci əsrdə Avropada insanların qanı bahasına baş verən inqilablar nəticəsində ayrılmaz hüquqlar (yaşamaq hüququ, azadlıq hüququ və s.) və vətəndaş hüquqları (fikir və söz azadlığı, vicdan azadlığı, mülkiyyət hüququ və s.) əldə edilir. Bir əsr sonra, yəni 19-cü əsrdə siyasi hüquqların (seçki hüqüqu, cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ, dövlətin idarə olunmasında iştirak etmək hüququ və s.) meydana gəldiyinin şahidi oluruq. 20-ci əsrdə isə bu hüquqların cərgəsində sosial hüquqların da (sosial təminat hüququ, əmək hüququ, təhsil hüququ və s.) əlavə olunduğunu görürük. Və elə həmin əsrdə bütün bu hüquqların reallaqda necə həyata keçirilməsi prosedurası və onların nə dərəcədə təmin olanması problemi daha qabarıq şəkildə özünü biruzə verməyə başlayır.

Beləliklə, müasir beynəlxalq standartlara cavab verən insan hüquqları ideyasının bu günkü modern səviyyəsi dünyanı alt-üst edən və böyük fəlakətlərə səbəb olan, eləcə də insanlıq tarixinə qara ləkə vuran II dünya müharibəsi illərində və bu müharibədən sonrakı ilk illərdə formalaşmağa başlayır. Məsələn, 1945-ci ildə BMT-nin Xartiyasında insan hüquqlarının qorunmasına kömək etməyin BMT-nin əsas məqsədi olduğu öz əksini tapır. Bir qədər sonra isə, daha dəqiq desək, 1948-ci ildə əksər insan hüquqları BMT-nın Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və əsasını bu bəyannamədən götürən bir sıra digər beynəlxalq müqavilə və sazişlərdə (Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və s.) təsbit olunmağa başlayır. Həmin dövrdən bu günədək isə insan hüquqları ideyası və bunun reallıqda təmin olunması məsələsi tədricən dünyanın demək olar ki, əksər ölkələrinə yayılmış və sivil, demokratik dövlətlərin konstitusiyalarının, eləcə də onların daxili qanunvericiliklərinin tərkib hissəsinə çevrilmişdir.

Bir sıra insan hüquqlarının hələ VII əsrdə nazil olan Müqəddəs Qurani-Kərimdə nəzərdə tutulması da danılmaz həqiqətlərdəndir. Müqəddəs Qurani-Kərimdə öz əksini tapan bir neçə fundamental insan hüquqları haqda oxucuları məlumatlandırmaq məqsədəuyğundur. Bu hüquqlar haqda bəhs etməzdən əvvəl qeyd etmək yerinə düşər ki, müasir beynəlxalq və dövlətdaxili qanunvericilik aktlarında təsbit edilən çoxəsrlik təcrübənin nailiyyəti olan insan hüquqları və Müqəddəs Qurani-Kərimdə öz əksini tapan insan hüquqları arasındakı oxşarlıqlar diqqəti cəlb edir. Ən maraqlısı isə odur ki, Qurani-Kərimdə ifadə olunan insan hüquqları hələ o zamanlar şərqdə bu məsələnin necə mükəmməl tənzimlənməsindən xəbər verir. Faktlara müraciət edək:

Hüquqi bərabərlik:

«Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, sonra sizi xalqlara və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız…» (Qurani-Kərim, Hucurat surəsi, 13-cü ayə)

«Bütün insanlar, azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar. Onlara ağıl və vicdan bəxş edilmişdir və onlar bir-birləri ilə qardaşlıq münasi- bətində olmalıdırlar.» (BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 1-ci maddəsi)

Xalq hakimiyyəti:

«O kəslər… işlərini öz aralarında məsləhət-məşvərətlə görərlər…» (Şura surəsi, 38-ci ayə),

«Onda öyüd ver, sən öyüd verənsən», «Sən onlara hökmran deyilsən» (Faşiyə surəsi, 21-ci və 22-ci ayələr)

«Dövlət hakimiyyətinin əsasında xalqın iradəsi durmalıdır.» (BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyamnaməsinin 21-ci maddəsi)

«Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.» (Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsi)

Vicdan azadlığı:

«Dində heç bir məcburiyyət yoxdur…» (Bəqərə surəsi, 256-cı ayə)

«…Sən insanları iman gətirməyə məcbur edirsənmi?» (Yunis surəsi, 99-cü ayə)

«Hər bir insanın fikir, vicdan və din azadlığı hüququ var; bu hüquqa öz dinini və əqidəsini dəyişmək, dininə və əqidəsinə həm təklikdə, həm də başqaları ilə birgə, açıq, yaxud xüsusi qaydada, təlimdə, ibadətdə, dini ayin və mərasim- lərin icrasında etiqad bəsləmək azadlığı daxildir» (BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyamnaməsinin 18-ci maddəsi)

«Hər kəsin vicdan azadlığı var», «Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır» (Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsi)

Qeyd edək ki, vicdan azadlığı «Mülki və Siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 18-ci, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 9-cu, BMT-nin «Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» Bəyannaməsinin 1-ci maddəsində də öz əksini tapmışdır.

Mənzil toxunulmazlığı hüququ:

«Ey iman gətirənlər, öz evinizdən başqa kimsənin evinə izn almadan… gir- məyin…» (Nur surəsi, 27-ci ayə)

«Heç kəsin… mənzil toxunulmazlığına özbaşına qəsd edilə bilməz…» (BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyamnaməsinin 12-ci maddəsi)

«I- Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
II- Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz»
(Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsi)

Hz. Məhəmməd Peyğəmbərin buyurduqları kəlamlarda yer alan insan hüquqlarına da qısa şəkildə nəzər salmaq maraqlı olardı:

Bərabərlik hüququ:

«Heç bir ərəbin başqa bir ərəbdən hansısa bir üstünlüyü yoxdur, eləcə də ərəbin zəncidən, zəncinin ağdərilidən üstünlüyü yoxdur.» (Hz. Məhəmməd Peyğəmbər)

«Hər bir insan irqinə, dərisinin rənginə, cinsinə, dilinə, dininə, siyasi və digər əqidisinə, milli, yaxud sosial mənşəyinə, mülki, silk, yaxud başqa vəziyyətinə görə heç bir fərq qoyulmadan bu Bəyannamədə elan edilmiş bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır…» (BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyamnaməsinin 2-ci maddəsi)

«Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyin- dən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmaya- raq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir…» (Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsi)

Fikir və söz azadlığı:

«Mənim icmamda fikir müxtəlifliyinin olması Allahın bizə mərhəmətini göstərin bir əlamətdir…» Hz. Məhəmməd Peyğəmbər

«Hər kəsin fikir və söz azadlığı vardır», «Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.» (Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi)

Fikir və söz azadlığına təminat BMT-nin «Ümumdünya İnsan Hüquqları» Bəyannaməsinin 18-ci, «Mülki və Siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 19-cu, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 29-cu maddəsində də öz əksini tapmışdır.

Beləliklə, dediklərimizi yekunlaşdırsaq, Müqəddəs Qurani-Kərimin və Hz. Məhəmməd Peyğəmbərin buyurduqlarının necə böyük dəyərə malik olduğunun şahidi ola bilərik.

Yunis Fərman oğlu Xəlilov






Bu sayfa hakkında yorum ekle:
İsmin:
Mesajınız:
 
 
19 Ağustos 2007 itibariyle, toplam: 36766497 ziyaretçi (102868658 klik) tarafından görüntülenmiştir. Online ziyaretçi rekorumuz, 4626 kişi. (5 Eylül 2010)
 
 

gizli

Bu site, en iyi Firefox ve Google Chrome tarayıcılarında ve 1024 x 768 ekran çözünürlüğünde görüntülenir.